Keyfiyyətsiz yanacaq şirkətlərə hər gün yüzminlərlə manat ziyan vurur - Ekspert

06.07.2022,16:20


6 iyul, Fineko/abc.az. Hazırda ölkədə əsas problem yanacağın olub-olmaması deyil, onun keyfiyyəti ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, yerli mətbuatda SOCAR-ın Neft Emalı Zavodunda bir müddətdir təmir işləri getdiyindən ölkəyə dizel yanacağının xaricdən gətirilməsi barədə məlumatlar yayılıb.

Belə ki, idxal olunan yanacağın keyfiyyəti isə heç də ürəkaçan vəziyyətdə deyil. Daxil olan çoxsaylı şikayət və müraciətlər rəsmi şəkildə açıqlanmayan yerdən gətirilən bu yanacağın keyfiyyətinin çox aşağı olmasını, nəqliyyat vasitələrinə böyük ziyan vurmasını göstərir. Buna görə də ən böyük zərər ictimai nəqliyyata və yükdaşıma-distrubutor xidmətinə dəyir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda və ölkə üzrə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların 80 faizdən çoxunun dizellə işləməsi vəziyyəti göz önünə sərir: “Keyfiyyətsiz yanacaq hər gün özəl daşıyıcı şirkətlərə yüzminlərlə manat ziyan vurur. Onsuz da acınaqcaqlı vəziyyətdə olan, dövlətdən dəstək ala bilməyən daşıyıcıların vəziyyətini lap çətinləşir. Bu məsələyə dövlətimiz təcili reaksiya verməlidir. Əks halda yeni mövsümdə - sentyabrda çox acınaqcaqlı mənzərə ilə qarşılaşacağıq. Bakıda və rayonlarda bərbad halda olan ictimai nəqliyyat infrastrukturu tamamilə çökəcək, avtobus tapılmayacaq. Nəticədə dövlət böyük xərc qarşısında qalmalı olacaq, yük yenə büdcəyə, neft pullarına düşəcək”.