Hacıqabulda pambıq yığımına hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib

18:30 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Hacıqabul rayon İcra Hakimiyyətinin iclas zalında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, fermerlər, mexanizatorlar və mütəxəssislər iştirak ediblər.

Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə bu ilin martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Müşavirədə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Hacıqabulda kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz müsbət nəticəsini verməkdədir. Rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da geniş imkanlar yaradılıb.

Əhməd Muxtarov qeyd edib ki, ötən il rayonda 1200 hektar sahədə pambıq əkilib və min ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Bu il isə rayonda 39 fermerlə müqavilə bağlanaraq 1300 hektar sahədə pambıq əkilib və 3 min tona yaxın məhsul istehsal ediləcəyi planlaşdırılır. Artıq sahələrdə becərmə işləri başa çatıb. Yaxın günlərdə kütləvi pambıq yığımına başlanılacaq. Bunun üçün rayonda bütün zəruri işləri görülüb. Pambıq qəbulu məntəqələri əsaslı təmir olunub, yığıma cəlb ediləcək texnika hazır vəziyyətə gətirilib.

Müşavirədə “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir.

Respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın intensiv inkişafı ilə bağlı mühüm addımlar atılır. Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli çoxalıb. Nazirlər Kabinetinin qərarı ilə pambıq istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım tətbiq edilib. Səpin, becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib. Bu istiqamətdə işlər davam etdirilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir.

Nazir müavini çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi, pambıqçılıqla yanaşı tütünçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti” mövzularında çıxış ediblər.

Tədbirdə fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Other news