Müflis olan Ata Bank və Amrah Bank-ın kreditorlarının qeydiyyatı başlanılıb

13:09 - 10.05.2020


10 may, Fineko/abc.az.  Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin kreditorlarına müraciət edib.

Bu barədə ABC.AZ-a ADIF-dən məlumat verilib.

Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarları ilə “Ata Bank” və “Amrah Bank” müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarlarla Əmanətlərin Sığortalanması Fondu “Ata Bank” və “Amrah Bank”ın ləğvedicisi təyin edilib.

“Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı və ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Ata Bank” və “Amrah Bank”ın kreditorlarından iyulun 1-dək kreditor tələbinin qeydiyyata alınması üçün qeyd olunan ünvana müraciət etmələri xahiş olunur:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri (+99412) 497-87-00; qaynar xətt – 136.

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrah Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapital Bank” ASC vasitəsilə ödənilməsi barədə məlumat verilib. Kompensasiyaların ödənişi ilə bağlı “Kapital Bank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.

Other news