“SOCAR Turkey”in 3 müəssisəsi “Sıfır tullantı sertifikatı” alıb

15:38 - 5.05.2021


5 may, Fineko/abc.az. Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Turkey”in İzmirin Əliağa bölgəsində Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən törəmə müəssisələri “Petkim”, “Star” NEZ və SOCAR Türkiyə Akaryakıt Depolama A.Ş. “Sıfır tullantı tənzimlənməsi” çərçivəsində bütün tələbləri yerinə yetirərək Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən “Sıfır tullantı sertifikatı”na layiq görülüb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki , davamlılıq siyasəti çərçivəsində “Petkim”, “Star” NEZ və SOCAR Depolama müəssisələrinin istehsal bölmələri üçün tullantıların birgə idarə olunması sisteminin qurulduğunu bildirən SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədov deyib:

“Üç şirkətimizdə başlatdığımız Sıfır Tullantı Layihəsi ilə mənbələrin daha səmərəli istifadəsini və tullantıların yerində toplanaraq iqtisadiyyata geri qazandırılmasını hədəfləyirik. Bu istiqamətdə bütün istehsal sahələrimizdə tullantıların idarəolunması sistemlərini və tullantı toplayan maşınlarımızı yenilədik. Tullantıların müvəqqəti saxlandığı sahələri yaxşılaşdırdıq. İl ərzində bütün əməkdaşlarımız üçün təlimlər və maarifləndirmə tədbirləri həyata keçirdik. Görülən işlər nəticəsində SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən istehsal müəssisələrində təkrar emal həcmini 32 faizə qədər artırdıq. Fəaliyyətlərimiz nəticəsində aldığımız “Sıfır tullantı sertifikatı” gələcək işlərimizdə bizə stimul olacaq”.

 

Other news