"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin zərəri kəskin azalıb

17:06 - 5.05.2021


5 may, Fineko/abc.az. "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I rübünü 1,325 milyon lari (663 min manat) zərərlə başa vurub.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 dəfə azdır.

Yanvar-mart aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 9,21 milyon lari (7,368 milyon manat, illik müqayisədə 8,8 dəfə az), əməliyyat xərcləri 10,67 milyon lari (5,335 milyon manat, 11,2% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 135 min lari (68 min manat, 1 il əvvəl ehtiyat yaradıb) təşkil edib.

Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 472,36 milyon lari (236,18 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 6% azdır. Bunun 306,532 milyon larisi (153,266 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,8% böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 4,4% azalaraq 397,625 milyon lariyə (198,813 milyon manat) düşüb, o cümlədən depozit portfeli 1,4% artaraq 236,171 lariyə (122,875 milyon manat) çatıb, balans kapitalı isə 13,95% azalaraq 74,735 milyon lariyə (37,368 milyon manat) düşüb, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (51,5 milyon manat) qalıb.

1 lari = 0,5 manat

Other news