Bakıda “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgiləri keçiriləcək

14:57 - 1.06.2021


1 iyun, Fineko/abc.az. 10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri keçiriləcək. Hər iki tədbir koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir. Təmsil olunan sənaye sahələrinin peşəkarları işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etmək, eləcə də sərfəli müqavilələr imzalamaq üçün iki illik fasilədən sonra ilk dəfə yenidən bir araya gələcəklər.

 

Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska ​​rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.

 

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədovun sözlərinə görə, biznes sektoru iki illik fasilədən sonra canlı ünsiyyət üçün darıxıb: “ - İndi kənd təsərrüfatı və ərzaq bazarlarında müsbət dinamika müşahidə olunur, bazara yeni iştirakçılar daxil olub, daimi eksponentlərimiz isə sərgidə yeni məhsullarını təqdim edəcəklərini elan ediblər. Pandemiya ilə əlaqədar yaranmış fasiləyə görə indi yeniliklərə, təcrübə mübadiləsinə və yeni ortaqlıqlara ciddi ehtiyac var. Potensial tərəfdaş ilə birbaşa dialoq qurmaq fürsəti indi bütün iştirakçılarımız üçün son dərəcə vacibdir. Biz sərgilərdə təhlükəsizliyə daim böyük diqqət yetirmişik və təbii ki, sərgi ərazisi boyu “COVID” virusu əleyhinə də müvafiq tədbirlər görmüşük. Açılışdan əvvəl, Bakı Ekspo Mərkəzinin bütün otaqlarında və sərgi zallarında ümumi dezinfeksiya işləri aparılacaq. Sərgiləri yalnız qoruyucu tibbi maskalardan istifadə edərək ziyarət etmək mümkün olacaq. Əgər qonaqlar qoruyucu maskasız gələrlərsə, o zaman onlara qeydiyyat masasından tibbi maskalar veriləcək. Biz sərgidə ziyarətçilərin sosial məsafə saxlamalarını təmin edəcək xüsusi “COVID patrul” xidmətini də təşkil etmişik”.

 

Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. Qeyd etmək lazımdır ki, açıq sahədə yerləşəcək ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artmışdır. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.  

 

Sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək.

 

14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin, sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır.

 

Beləliklə, “Caspian Agro 2021” sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölməni əhatə edəcək:

  • Kənd təsərrüfatı texnikası
  • Heyvandarlıq və quşçuluq
  • Yemlər
  • Baytarlıq
  • Bitkiçilik
  • Gübrələr
  • Meyvə və tərəvəzlərin yetişdirilməsi
  • İstixana
  • Elektron kənd təsərrüfatı
  • Kənd təsərrüfatında innovasiya texnologiyaları
  • Laboratoriya avadanlığı

“InterFood Azerbaijan 2021” sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür:

  • InterFood (qida sənayesi)
  • InterDrink (içkilər)
  • InterFoodTech (texnologiyalar)
  • HalalFood

Beləliklə, “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və s.), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim ediləcək.

Bu il sərgilər üçün (“COVID” əleyhinə tədbirlər səbəbindən azaldılmış) xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və onları sənayedəki tendensiyalar, yeniliklər və beynəlxalq təcrübə ilə tanış edirlər.

11 iyun tarixində “Apatit” SC-nin “PhosAgro” şirkətlər qrupu tərəfindən “PhosAgro innovativ məhsulları. Kənd təsərrüfatı bitkilərindən zəmanətli məhsul əldə etmək üçün bir dənəcikdə kompleks gübrələr” mövzusunda seminarın keçirilməsi planlaşdırılır.

İşgüzar proqramın əsas hadisəsi isə sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər sərgi iştirakçıları, yerli istehsalçılar və distribütorlar arasında keçiriləcək.

Sərgi 3 gün ərzində sənaye sahəsinin peşəkarları üçün açıq olacaq. Diqqət: mütəxəssislər üçün sərgilərə giriş yalnız dəvətnamə və ya elektron qeydiyyat əsasında mümkündür. Yanınızda tibbi maska ​​olmalıdır. Ziyarət qaydalarının təfərrüatları ilə sərgilərin veb-saytında tanış ola bilərsiniz.

Təşkilatçılar sərgidə iştirakı “hands-free” etmək və məlumat mübadiləsini sürətləndirmək üçün 2 yeni xidmət növünü tətbiq edirlər. Belə ki, sərgi iştirakçılarının döş nişanında (“badge”) və stenddə iştirakçı şirkətin promo materiallarına keçidi təmin edən QR kodu var. Bu QR kodunu mobil tətbiq vasitəsi ilə skan etdikdən sonra həmin promo materiallarını (elektron formatda) birbaşa öz elektron poçtunuza qəbul edə bilərsiniz. Diqqət: Bu xidmətdən istifadə etmək üçün siz mobil tətbiqi yükləməlisiniz. Həmçinin, ziyarətçinin döş nişanında (“badge”) onun əlaqə məlumatlarını ehtiva edən QR kodu var. Sərgidə iştirakçılar ilə əlaqə məlumatlarının mübadiləsini aparmaq üçün döş nişanındakı (“badge”) QR kodunu telefonun kamerası vasitəsi ilə skan etməyi təklif etmək kifayətdir. QR kodunu skan etmək üçün lazım olan mobil tətbiqini haradan yükləmək lazım olduğu barədə ətraflı məlumatı sərgilərin veb-saytlarında, eləcə də Bakı Ekspo Mərkəzindəki qeydiyyat masasından öyrənmək mümkündür.

Beləliklə, sərgilər həm alıcılar, həm də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirir. Həmçinin, sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafına və qida məhsullarının “Made in Azerbaijan” brendi altında ixracına töhfə verən, o cümlədən innovasiyaların və yeni məhsulların bazara çıxarıldığı platformadır.

 

“Caspian Agro” sərgisinin sponsoru qismində sərginin daimi iştirakçısı olan “Grand Motors” şirkətinin “Gubre.az” markası çıxış edir. Sərgilərin rəsmi içkisi qismində “İpek Su”, qəhvə tərəfdaşı qismində isə “Espresso Mobil” şirkətləri çıxış edirlər.

 

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır.

 

Sərgilər haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnamələri rəsmi saytlarda əldə edə bilərsiniz: www.caspianagro.az, www.interfood.az.

Other news