Avropada bu peşələrdə işçilərə ehtiyac var

17:08 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Avropanın bəzi ölkələrində işçi çatışmazlığı yaranıb.

ABC.AZ xəbər verir ki, hazırda Avropada ən çox ehtiyac duyulan peşə nümayəndələrinə tibb işçiləri, sanitariya texnikləri, xəstələrə qulluq, sistemli təhlil, qaynaq işləri və avtomobil nəqliyyatı ilə yüklərin daşınması işçiləri daxildir.

Hər bir ölkədə özünəməxsus vəziyyət yaranıb. Lakin rəyi soruşulmuş ekspertlərin fikrincə, Avropada işçi qüvvəsinin çatışmamasının əsas səbəbi əhalinin qocalması faktıdır. Hazırda yaşı 65-dən yuxarı olan əhalinin hər nəfərinə qarşı əməkqabiliyyətli yaşda olan cəmi üç nəfər var və bu meyil getdikcə dərinləşir. Madrid Universitetinin tətbiqi iqtisadiyyat üzrə professoru Ramon Maxiyanın fikrincə, İspaniyada doğum əmsalının azalması davam etdiyinə görə, ölkənin potensial aktiv əhalisi hər il azalır.

Bütövlükdə əhalinin qocalması faktına əmək bazarında inqilab üçün səciyyəvi səbəblər də əlavə edilməlidir. Konkret profillər üzrə kadrlar çatışmaması əmək bazarında rəqəmsal texnologiyalara keçidin nəticəsidir.

İspaniya, Portuqaliya və İtaliyada boş vakansiyaların artmasının daha bir səbəbi müəyyən sektorlarda əməkhaqqının aşağı və əmək şəraitinin qeyri-qənaətbəxş olmasıdır. Bu problemlər səhiyyə, mehmanxana və kənd təsərrüfatı sahələrində daha qabarıq şəkildə təzahür edir.

Miqrasiya axınlarını araşdıran “Labor Mobility Partnerships” təşkilatının eksperti Salvatore Petronella belə hesab edir ki, əhalinin qocalması faktından əziyyət çəkən Avropa ölkələri son nəticə etibarilə əcnəbi işçi qüvvəsi üçün qapıların açıq olması sistemini tətbiq edəcəklər.

Müəllif: Elmir Murad

Вся лента