Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı müstəqillik illərində ilk dəfə olaraq 3 milyard dollara çatıb

17:13 - 12.01.2023


12 yanvar, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı müstəqillik illərində ilk dəfə olaraq 3 milyard dollara çatıb. Qeyri-neft ixracı 2021-ci illə müqayisədə 10,3 faiz artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, qeyri-neft ixracatının artması bir tərəfdən neftdən kənar sektorlarda istehsalın genişlənməsi, digər tərəfdən isə idxalatçı ölkələrdə inflyasiya səviyyəsinin artması ilə bağlıdır.

2022-ci ilin ilkin statistik gözləntilərinə əsasən, ÜDM orta hesabla 4,8 faiz artsa da, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox böyüyüb.

Bu isə ondan xəbər verir ki, enerjidən kənar sektor 2022-ci ildə ÜDM-in formalaşmasında xüsusi paya malik olub.

Belə ki, ötən ilin ilk 10 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb. Nəticədə qeyri-enerji sektorunun 2022-ci ildə yaradılan dəyərdə çəkisi artıb. 2022-ci ildə ən çox artım kimya sənayesi məhsullarının ixracında müşahidə olunub: 57,7 faiz.

Qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb. Ümumi qeyri-neft ixracatının təxminən üçdə birini aqrar və aqrar sənaye məhsulları təşkil edib - 912,4 milyon dollar.

Вся лента