Bank hesablarının açılması mexanizmi sadələşdirilir

15:58 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi vergi ödəyicilərinin inzibatçılıq yükünün azaldılması ilə bağlıdır.

Mövcud qanunvericiliyə əsasən, bank hesablarının açılması məqsədi ilə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına kağız və ya elektron formada müraciət ərizəsi təqdim edilməli, müraciət vergi orqanı tərəfindən 2 gün ərzində emal olunmalıdır. Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat göndərilir, borcu olduğu halda isə bank hesabının açılmasından imtina edilir. Bu proses zamanı müəyyən olunmuş müddət, yəni 10 gün ərzində hər hansı səbəbdən bank hesabı açılmadıqda vergi orqanı tərəfindən banka göndərilmiş şəhadətnamə-dublikat qüvvədən düşmüş sənəd kimi qiymətləndirilir və həmin şəhadətnamə-dublikat üzrə hesabın açılması mümkün olmur.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bank hesablarının açılması sahəsində vergi ödəyicilərinin mövcud inzibati yükünün azaldılması məqsədilə vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib.

Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib. Beləliklə, bundan sonra hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.

Вся лента