Azexport.az portalına 2018-ci ilin 7 ayında daxil olan ixrac sifarişləri 19 faiz artıb

15:25 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin avqust sayı təqdim olunub.

İcmalın bu sayında  göstərilir ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları və ya 13 faiz  artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 68 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə 2018-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 301 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 79 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 milyon, pambıq lifi 45 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 12 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 7 ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 16 faiz, meyvə-tərəvəzin ixracı 19 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz, kimya sənayesi məhsullarının ixracı 1 faiz  artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 122 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Türkiyə (35 milyon ABŞ dolları) liderlik edib. Daha sonra bu siyahıda Rusiya (33  milyon ABŞ dolları), İsveçrə (9 milyon ABŞ dolları), Gürcüstan (7  milyon ABŞ dolları), Qazaxıstan (5,8  milyon ABŞ dolları) və digər ölkələrin adı var.

2018-ci ilin iyul ayında da qeyri-neft sektoru üzrə ixracda pambıq lifi (mahlıc) birinci (16 milyon ABŞ dolları), albalı və gilas (11milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 7,8 milyon ABŞ dolları) isə üçüncü olub.

“İxrac İcmalı”nın avqust sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC,  “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, İskəndərov Sahib Səməd oğlu, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və 1 milyon ABŞ dollarından çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "SOCAR Methanol" MMC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  747 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 144 milyon AZN və ya 24 faiz artıb.

2018-ci ilin iyul ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 32 faiz artıb.

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin iyul ayı ərzində Azexport.az portalına 31,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 315,5 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 19 faiz artıb.        Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 iyul tarixinə kimi (19 ay ərzində) Azexport.az portalına dünyanın 100 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 790,5 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nın avqust sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 10,4 milyon ABŞ dollarından çox olub. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, Qazaxıstan, Hollandiya, İran, Gürcüstan, İsveçrə,  Ukrayna, İraq, Moldova, Avstriya, Malayziya, Kipr, Kanada daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

Həmçinin “İxrac İcmalı”nın avqust sayında Azərbaycan məhsulları “Çin-Avrasiya” Sərgisində nümayiş olunması və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maariflənməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

 

 

Вся лента