Azərbaycan və İsveçrə prezidentləri əlverişli iqtisadi əməkdaşlığın nəticələrini qiymətləndirirlər

11:18 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyası Prezidenti Ueli Maurer Davosda ikitərəfli əlaqələrin uğurlu inkişafını müzakirə ediblər.

Prezident İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışaraq deyib ki, respublikamız beynəlxalq daşımalarda çox vacib tranzit ölkəyə çevrilib, dəmir yolu ilə artıq Azərbaycan ərazisindən Asiyadan Avropaya malların daşınması başlanıb. Prezident İlham Əliyev qeyd edib ki, İsveçrədə istehsal olunan qatarlar Azərbaycanda dəmir yolların bərpasına və inkişafına töhfə verir.

“Biz Azərbaycanın iqtisadi inkişafına daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıyıq və mən, İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığının gələcəkdə də davam etdirəcəklərinə əminəm”, - dövlət başçısı bunu deyib.

Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olundu. Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunuldu.

SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.  Qeyd edildiyi kimi, Azərbaycanda bir sement zavodunun Holcim tərəfindən tikilməsi bir vaxtda iqtisadi əməkdaşlığın təməlinin qoyulmasında böyük rol oynamışdır. Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafında sement zavodunun rolunu qeyd etdi.

Prezident Ueli Maurer İsveçrə tərəfinin Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək üçün konkret tədbirlərin görülməsində maraqlı olduğunu və İsveçrənin iş adamlarının Azərbaycanda biznes üçün yaradılan şəraitdən çox məmnun olduğunu bildirib. Qeyd edildi ki, Azərbaycanda iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradılıb. Əməkdaşlığın genişləndirilməsi baxımından, həmçinin Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması böyük əhəmiyyətə malikdir.

 

 

Вся лента