330x110
 

“Unibank” ASC 2019-cu ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub

31.07.2019,12:09


31 iyul, Fineko/abc.az. “Unibank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 62 milyon 435 min manat xalis mənfəət ilə başa vurub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur. “Unibank” ASC 2018-ci ilin birinci yarısını 14 milyon 639 min manat xalis mənfəətlə bağlamışdı.

Cari ilin 1-ci yarısındakı xalis mənfəətin böyük hissəsi ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatın bir hissəsinin geri qayıtmasından qaynaqlanır. Mayda dollar kreditlərinə görə vətəndaşlara dövlət büdcəsindən kompensasiyanın ödənilməsi "Unibank"ın kredit risklərini azaldıb və yaradılmış ehtiyatın azad olması davam edib.

Bankın rüblük hesabatında göstərilir ki, 2019-cu ilin yanvar-iyun dövründə "Unibank"ın  cəmi gəlirləri 51 milyon 795 min manat (42 milyon 38 min manatı faiz gəlirləri, 7 milyon 657 milyon manatı haqq və komissiya gəlirləri, 2 milyon 70 min manatı xarici valyuta ilə əməliyyatlardan gəlir), cəmi xərcləri isə 47 milyon 104 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 4 milyon 691 min manat əməliyyat mənfəəti yaranıb. Həmçinin, ehtiyatın 57 milyon 778 min manatı azad olduğundan “Unibank”ın mənfəət vergisindən əvvəl mənfəəti 62 milyon 470 min manata yüksəlib. 35 min manat mənfəət vergisi xərci ilə əlaqədar olaraq xalis mənfəət 62 milyon 435 min manat təşkil edib.