“Unibank”-ın faiz gəlirləri 2 dəfə artıb

12:16 - 31.07.2019


31 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2019-cu ilin yanvar-iyun dövrü üçün maliyyə göstəricilərini açıqlayıb.

Bankın açıqladığı göstəricilərdə diqqəti cəlb edən əsas amillərdən biri "Unibank"ın faiz gəlirlərinin artmasıdır.

Belə ki, ötən ilin 1-ci yarısında 21 milyon 372 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ilin 1-ci yarısında 42 milyon 38 min manata yüksəlib.

Bununla yanaşı 30 İyun 2019-cu il tarixində “Unibank” 799 milyon 494 min manat cəmi aktivlərə malik olub və aktivlərin 404 milyon 702 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 30 İyun 2018-ci il tarixində "Unibank" 621 milyon 245 min manat cəmi aktivlərə, o cümlədən 331 milyon 650 min manat müştərilərə verilmiş kreditlərə malik idi. Ötən ilin İyun ayının sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 73 milyon 52 min manat artıb. 31 Dekabr 2018-ci il tarixində "Unibank" 693 milyon 877 min manat cəmi aktivlərə və 387 milyon 653 min manat müştərilərə verilmiş kreditlərə malik idi. İlk 6 ayda "Unibank"da müştərilərə verilmiş kreditlər 17 milyon 50 min manat artıb.

İlk altı ayda aktivlərin 105 milyon 617 min manat və ya 15,2% artması həm müştərilərə verilən kreditlərin artması, əsasən də Bankın pul vəsaitlərinin kəskin artması ilə bağlıdır. 2018-ci ilin sonu il müqayisədə ilk 6 ayda "Unibank"ın pul vəsaitləri 72 milyon 541 milyon manat artaraq 30 İyun 2019-cu il tarixində 182 milyon 851 min manata çatıb.

 

Вся лента