Böyük maliyyə təşkilatları Bank Respublikaya görə Azərbaycan bazarına qayıdıb – Müşahidə Şurasının sədri

11:32 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. “2019-cu ildə bank bütün sahələr üzrə ciddi artım nümayiş etdirərək dinamik inkişaf etməyə davam edib və iqtisadiyyatın real sektoruna xidmət istiqamətində seçilən biznes modelin dayanıqlığını bir daha təsdiqləyib.

Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində yüksək nəticələr əldə edə bilib.

Hesabat ili ərzində biz bankın müştəri bazasını əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, xüsusən mikro, kiçik və orta sahibkarlıq seqmentləri olmaqla ümumi kredit portfelini də artırdıq”.

ABC.AZ xəbər verir ki, bunu “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov deyib.

Onun sözlərinə görə, sözügedən yüksək maliyyə nəticələri beynəlxalq maliyyə qurumları tərəfindən də qeyd edilib. Uzun fasilədən sonra 3 böyük maliyyə təşkilatı (FMO, IFC və EBRD) Bank Respublika ilə kredit müqavilələri bağlayaraq Azərbaycan bazarına qayıdıb deyən Ş.Rəhimov qeyd edib ki, eyni zamanda, Moodys beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın reytinqini "Pozitiv" proqnozu ilə "B3" dərəcəsinə qaldırıb: “İstərdim bütün bizim komandamıza, müştərilərimizə və tərəfdaşlarımıza bu nəticəni əldə etməkdə göstərdikləri əməkdaşlığa və verdikləri töhfəyə görə təşəkkür edəm! Biz öz işimizlə, yüksək keyfiyyətli xidmətimizlə və maraqlı təkliflərimizlə göstərilən etimadı doğruldaraq gələcəkdə də dinamik inkişafımızı davam etdirəcəyik”.

Müəllif: Elmir Murad

 

 

Вся лента