AzerTelecom Davosda “Caspian Week 2020” konfransı çərçivəsində Memorandum imzalayıb

12:02 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində keçirilmiş “Caspian Week 2020” konfransında Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti və bu konfransın təşkilatçısı olan İsveçrənin Integral Petroleum S.A şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Qlobal liderlərin, şirkətlərin və ekspertlərin görüşü üçün bir platforma olan və Xəzər regionu ilə dünya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu regionda innovasiyaların  tətbiqinə hədəflənən “Caspian Week 2020” konfransı artıq 4-cü ildir ki, keçirilir.

“Caspian Week 2020” konfransı çərçivəsində imzalanmış Memorandumla şirkətlər internet bağlantı xidmətlərinin yaxşılaşdırılması, iqtisadi inkişaf, qlobal bazarlara daha yaxşı çıxışın əldə olunması və Xəzər regionunda data tranziti üzrə strateji tərəfdaşlığın qurulması barədə qarşılıqlı niyyətlərini ifadə ediblər.

“İsveçrənin aparıcı şirkətlərindən olan Integral Petroleum S.A ilə Memorandumun imzalanması qarşılıqlı əməkdaşlıq istiqamətində yeni perspektivlər açır. Hazırda AzerTelecom Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Biz regionda bağlantı xidmətlərinin inkişafı üçün yeni imkanlar üzərində çalışırıq və inanırıq ki, əməkdaşlığımız son nəticədə hədəflərə çatmağa, ölkəmizdə və böyük Xəzər regionunda dayanıqlı inkişafa töhfə verəcək” - deyə AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib.

 “Biz Xəzər regionunun dünya bazarı ilə bağlantısını əhəmiyyətli şəkildə inkişaf etdirəcək logistika texnologiyalarını tətbiq edirik. Bura Əşyaların İnterneti (IoT- Internet of Things) həlləri, donanmanın optimallaşdırma vasitələri və digər elementlər daxildir. AzerTelecom şirkəti ilə əməkdaşlıq bu proqramın vacib bir hissəsidir” - deyə Integral Petroleum S.A şirkətinin direktoru Murat Seitnepesov bildirib.

Qeyd edək ki, AzerTelecom şirkətinin Xəzər regionunun  telekommunikasiya sektorunda aktiv şəkildə fəaliyyət göstərdiyini, Integral Petroleum şirkətinin isə ticarət, logistika və rəqəmsal vasitələrin tətbiqi sahələrində fəaliyyətini nəzərə alaraq şirkətlər Xəzər regionunda sosial və iqtisadi inkişafı əhəmiyyətli dərəcədə sürətləndirmək üçün öz səylərini artıracaqlar.

AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.


Вся лента