Bank sektorunun sahibkarlığın maliyyələşməsində payı hələlik aşağıdır - Nazir

12:09 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi mexanizminin səmərəli olmasına baxmayaraq, dövlət kreditləşdirməni tamamilə öz öhdəsinə götürməli deyil. Bank sektoru bu sahədə əsas mənbə rolunda çıxış etməli olsa da, uzunmüddətli maliyyələşmədə onun payı hələlik aşağı səviyyədədir.

ABC.AZ xəbər verir ki, bunu fevralın 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib.

Nazir bildirib ki, hazırda biz Mərkəzi Bankdan olan həmkarlarımızla real sektora bank kreditlərinin yönəldilməsi üçün atılacaq addımları müzakirə edirik.

M.Cabbarov ixraca da toxunaraq ötən il görülmüş işlərdən danışıb: “İxracın təşviqi və qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində keçən il də yerli ixracatçılara 9 milyon manata yaxın vəsait qaytarılıb. Məqsədimiz yalnız rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsullara milli keyfiyyət nişanı olan “Made in Azerbaijan” brendini verməklə onların xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan 33 rayonunda 51 aqropark və yerli fermer təsərrüfatının yaradılması ilə bağlı planlar çərçivəsində 2019-cu ildə 16 aqropark və ya fermer təsərrüfatında işlər başa çatıb”.

Müəllif: Elmir Murad

 

Вся лента