Azərbaycan qızıl istehsalını artırıb - "AzerGold" sədrindən açıqlama

12:45 - 24.02.2020


24 fevral, Fineko/abc.az. "AzerGold" QSC ötən il 55, 2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib.

ABC. AZ xəbər verir ki, bunu "AzerGold"un sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Z.İbrahomov bildirib ki, ötən ildə 2018-ci il ilə müqayisədə qızıl hasilatında 21,3%, gümüş hasilatında isə 33,2% artım qeydə alınıb. Onun sözlərinə görə, ötən ildə 50 min unsiya qızılın istehsalı nəzərdə tutulsa da, ilin yekununda 10,4% artıq olmaqla 55,2 min unsiya qızıl istehsal edilib: “Eyni şəkildə il ərzində 87,4 min unsiya gümüşün istehsalı planlaşdırılıb, halbuki faktiki 17,9% artıq olmaqla 103 min unsiya gümüşün istehsalına nail olmuşuq. Məlumat üçün bildirim ki, 2019-cu ilin hasilat rəqəmləri Çovdar mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir. Ötənilki ixrac əməliyyatlarımız da çox uğurlu olub. Belə ki, "AzerGold" tərəfindən 2019-cu ildə 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Qızılın satışından 141,9 mln. manat, gümüşün satışından isə 3 mln. manatdan çox gəlir əldə edilib və ümumilikdə ölkə iqtisadiyyatına 145 mln. manat məbləğində vəsait daxil olub. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, qızılın satışında 33%, gümüşün satışında isə 47% artım qeydə alınıb. 2020-ci il üçün isə qızıl və gümüşün satışına dair QSC-nın hədəfi 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür”.

Müəllif: Elmir Murad

 

Вся лента