AZAL İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetirəcək

10:10 - 20.06.2020


20  iyun, Fineko/abc.az.   “Azərbaycan Hava Yolları” iyunun 25 və 26-da Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçirəcək.

Bu barədə ABC.AZ-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə 1-ci Terminalda (Terminal 1) xidmət göstəriləcək.

Aviabiletlərin satışı aviaşirkətin rəsmi internet saytında (www.azal.az) açıqdır.

Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə tanış olun:

- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

- Referans Klinik Laboratoriya Mərkəzi - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan Türkiyə klinikalarından biri tərəfindən verilmiş COVID-19-a dair mənfi nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.

AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.

Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləmək olar: https://youtu.be/-s-0s4o1L2M 

AZAL sərnişinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət etməyə çağırır.

Вся лента