İki milyondan çox şəxsə sosial ödənişlər edilib - Bir ayda

16:45 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, onlardan 1 milyon 264 min nəfərinə pensiya, 421 min nəfərinə müavinət, 300 min nəfərinə təqaüd ödənilib.  84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib.

Qeyd edək ki, iyun ayında sosial ödəniş alanların sayı ötən ilin iyun ayı ilə müqayisədə 7,4 faiz və ya 161 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların  maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricisinə nisbətən 19,25 faiz və ya 77,5 milyon manat çoxdur.

Müəllif: Elmir Murad

 

Вся лента