AZAL xüsusi aviareyslərin yerinə yetirilməsi üçün bir sıra dövlətlərlə danışıqlar aparır – Cahangir Əsgərov

16:10 - 28.07.2020


28 iyul, Fineko/abc.az. Mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, qurum prezidenti Cahangir Əsgərov bildirib ki, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir.

Onun sözlərinə görə, martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək 23 mindən artıq həmyerlimiz vətənə çatdırııb. Görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur.

Görüşə yekun vuraraq Cahangir Əsgərov bildirib ki, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir.

“Azərbaycan Hava Yolları”nın prezidenti bildirdi ki, turizm şirkətlərinin arzularını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribyutor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaq. C. Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır. Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, “Azərbaycan Hava Yolları” isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək.

 

Вся лента