Kafe və restoranlar açılır - Gələn həftədən

10:20 - 15.08.2020


15 avqust, Fineko/abc.az. Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

ABC.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində  xidmət göstərilməsinə icazə verilir.

 

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.

 

Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

 

Müəllif: Elmir Murad

Вся лента