Bağlanmış bankların əmanətçilərinə bu qədər pul ödənilib – Məbləğ

11:12 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Noyabrın 4-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 649 əmanətçiyə 561 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 4-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 201,68 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4385 əmanətçiyə 86,41 milyon manat, "NBC Bank" üzrə isə 4049 əmanətçiyə 115,27 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 4-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 360 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5667 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 136,6 milyon manat, "Ata Bank" üzrə 9548 əmanətçiyə isə 222,47 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента