Biz Paşinyanın Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını deməyini gözləyirik – İlham Əliyev

14:37 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı müsahibə zamanı bir sıra məqamlara toxunub.

Prezidentin sözlərinə görə, mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir: “Beləliklə, bu, çox açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik”.

 

Вся лента