TuranBankdan Qarabağ Dirçəliş Fonduna dəstək

12:52 - 8.02.2021


8 fevral, Fineko/abc.az.  Azərbaycan xalqı üçün haqq və şərəf savaşına çevrilmiş 44 günlük Vətən müharibəsi nəticəsində qədim mədəniyyət paytaxtımız Şuşa şəhəri başda olmaqla bütün işğal altındakı ərazilərimiz Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri və torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır.

İşğaldan azad olunmuş ərazilərin vahid proqram əsasında yenidən qurulması, layiqli yaşayış və iqtisadi fəallıq təmin olunmaqla Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Ölkə Başçısı tərəfindən yaradılan Fondun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir. Bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də Fondun fəaliyyətinə daxildir.

Vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fonduna” 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürüb.

 

TuranBank

Bizimlə etibarlıdır…….

Вся лента