AccessBank Qarabağın dirçəlişinə dəstək olur - Foto

10:42 - 1.12.2021


1 dekabr, Fineko/abc.az.  Ölkənin məsuliyyətli korporativ vətəndaşı kimi AccessBank Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın dirçəlişinə dəstək olur.

AccessBank hələ Vətən müharibəsinin ilk günlərində Azərbaycanın bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə 200 min manat vəsait ayırdı. Bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara ilkin yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərcləndi. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alındı.

AccessBank müharibədən zərərçəkmiş mülki şəxslərə də humanitar yardım göstərdi. Bank tərəfindən zərərçəkmiş Bərdə və Ağcabədi sakinlərinə gündəlik tələbatlarını ödəmək üçün adyal, kiçik məişət texnikaları və birdəfəlik qab-qacaq göndərildi.

44 günlük müharibə başa çatdıqdan sonra da AccessBank-ın əməkdaşları bu istiqamətdə - bu dəfə müharibənin nəticələrinin aradan qaldırılması və Qarabağın bərpası üçün fəaliyyətlərini davam etdirdilər. Bank tərəfindən unikal tibbi avadanlıqlar alınaraq İdman və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəznində İdman və Reabilitasiya Mərkəzinə təhvil verildi,  onların köməyi ilə əsgər və zabitlər əməliyyatlardan sonra reabilitasiyada keçərək ayağa qalxdılar.

Vətən müharibəsinin ildönümündə isə AccessBank Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə etdi. Lakin bankın bu istiqamətdə fəaliyyəti bununla bitmir. AccessBank mikro sahibkarlarla, xüsusilə də kənd təsərrüfatı sektorunda işləyənlərlə uzun illərin əməkdaşlığını, eləcə də ölkənin qərb bölgələrində filiallarının olmasını nəzərə alaraq, Qarabağda biznes fəaliyyətinin bərpasında sahibkarlarla fəal əməkdaşlıq etmək niyyətindədir.

“Bankımızın kollektivi 44 günlük kampaniyada xalqın yanında oldu. Həmkarlarımızı cəbhəyə necə yola saldığımızı və onların qayıtmasını səbirsizliklə gözlədiyimizi indi də xatırlayıram. Təəssüf ki, hamısı geri dönmədi... Allah dünyasını dəyişənlərin ruhunu şad eləsin! Əminəm ki, işğaldan azad edilmiş rayonların sakinləri tezliklə evlərinə, normal həyatlarına qayıdacaqlar. İyirmi ildir ki, Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyə malik AccessBank üçün ölkənin regionlarında sahibkarlara və ailə biznesinə dəstək çox vacibdir. İşğaldan azad edilmiş rayonlarda sahibkarların, o cümlədən kənd təsərrüfatının dəstəklənməsi işi bankımızın sosial missiyasının mühüm tərkib hissəsinə çevrilir” deyə AccessBank-ın İdarə Heyətinin sədrinin vmie Yevgeniya Qaşikulina bildirib.


Вся лента