AQTA bitkiçilik məhsullarının istehsalçıları və ixracatçıları ilə görüş keçirib

29.06.2018,17:17


İyunun 29-da Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iştirakı ilə bitkiçilik məhsullarının istehsalçıları və ixracatçıları arasında görüş keçirilib. “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən görüşdə sahibkarlara Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri barədə məlumatlandırılması, qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatı və  reyestrinin aparılması qaydaları, qida təhlükəsizliyinin təmin olunması, bu sahədə milli və beynəlxalq qanunvericiliyin mənimsənilməsi, Azərbaycan brendinin xarici bazarlarında satışının təşkili və tanıdılması və digər istiqamətlər barədə məlumat verilib.

Tədbiri giriş nitqi ilə açan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı X.Dadaşova Agentliyin çevik idarəetmə strukturunun formalaşdırılması, qida bazarına və keyfiyyətə nəzarət, istehsal və ixrac məhsullarının və davamlı ərzaq təhlükəsizliyinin təmin  edilməsi sahəsində davam etdirilən işlərdən bəhs edib. Bildirib ki, Agentlik ölkəmizdə sağlam qida məhsullarının istehsalı və ixrac potensialının gücləndirilməsini fəaliyyətinin əsas hədəflərindən biri hesab edir. Müəyyən edilmiş siyasətə əsasən, Agentlik zərərli orqanizmlərin diaqnostikası  üzrə milli qida təhlükəsizliyi laboratoriyaların yaradılması, karantin rejiminin tətbiqi və ixracdan əvvəl fitosanitar karantin baxışının keçirilməsi, qablaşdırma, ixracın sertifikatlaşdırılması, fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi, bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi və digər istiqamətlərdə tədbirlər həyata keçirməkdədir.

Çıxış edən Dövlət Gömrük Komitəsinin əməkdaşı R.Məmmədov hər bir  istehsalçı və ixracatçını qida təhlükəsizliyinin təmin olunmasında və nəzərdə tutulan proseslərdə fəal və məsuliyyətli olmağa dəvət edib, milli və beynəlxalq  qanunvericiliyinin tələblərinə daha ciddi əməl etməyə çağırıb.

Dövlət Gömrük Komitəsinin digər əməkdaşı M.Əlizadə isə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sahibkarların fəaliyyətinin stimullaşdırılması, dövlət dəstəyinin yaxşılaşdırılması, idxal və ixracın asanlaşdırılması, gömrük sahəsində aparılan islahatlardan danışıb.

Tədbirdə iştirak edən FAO-nun  Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin  əməkdaşı N.Aslanova Qida Təhlükəsizliyi Agentliyinin qida bazarında nəzarət işinin təşkili, keyfiyyətin və insanların sağlam qida məhsulları ilə təmin olunması sahəsində fəaliyyətini təqdir edib. İnsanların keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Tədbirin sonunda ishehsalçı və ixracatçı sahibkarları narahat edən məsələlərə aydınlıq gətirilib, sualları cavablandırılıb.