Mamuka Baxtadze: 2018-ci ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1 milyard dollar təşkil edəcək

17:23 - 30.08.2018


30 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qəbul edib.

Görüş zamanı prezident İlham Əliyev bildrib ki, Azərbaycan və Gürcüstan bir çox mühüm layihələr həyata keçirmişdirlər.

“Biz dünyanın enerji xəritəsini dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir”, - dövlət başçısı belə deyib.

Prezident həmçinin qeyd edib ki, bu gün bir çox məsələlər, o cümlədən regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Öz növbsində Mamuka Baxtadze  bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır və birgə həyata keçirilən proqramlar regional səviyyədə və beynəlxalq əməkdaşlıq səviyyəsində həqiqətən vacibdir.

“Bizim, nəqliyyat, enerji və digər sahələrdə regional səviyyədə böyük nailiyyətlərimiz var. Əlbəttə ki, potensial çox böyükdür və ümid edirəm ki, biz bu potensialı yeni layihələrin həyata keçirilməsi ilə inkişaf etdirə bilərik. Ölkələr arasındakı ticarət dövriyyəsi artmaqdadır, ehtimal ki, bu il 1  milyard dollara çatdırılacaq, lakin daha böyük potensial mövcuddur”, - baş nazir belə deyib.

Onun sözlərinə görə, növbəti iki ildə ölkələr arasında ticarət dövriyyəsini daha 50-60%-ə qədər artırmaq mümkün olacaq.

 

Bütün xəbərlər