Ağsu rayonunun Nuran kəndinə təbii qaz verildi

11.09.2018,16:45


11 sentyabr, Fineko/abc.az. Sentyabrın 11-də Ağsu rayonunun Nuran kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 144 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 135 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12 668 metr müxtəlif diametrli metal borularla daşıyıcı,paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Ağsu rayonunun Hinqar,Nüydü və Gürcüvan kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.

Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.