İlk “KOB Dostu” Masallı sahibkarlarının xidmətində

21.09.2018,18:56


21 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Masallı Sənaye Məhəlləsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı üzrə “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidmətinin təqdimatı olub.

Tədbirdə özəl bölmənin təmsilçiləri ilə yanaşı, “KOB könüllüləri”, aidiyyəti yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb.

Qeyd edilib ki, dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahənin inkişafına göstərilən mühüm dəstək tədbirlərindəndir. Agentlik tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, onlara dəstəyin və müvafiq xidmətlərin göstərilməsi üçün “KOB Evi”, “KOB Dostu”, “KOB könüllüləri” və s. kimi yeni mexanizmlər tətbiq olunacaq.

Agentliyin əsas məqsədinin kiçik və orta sahibkarların dostuna çevrilmək olduğunu vurğulayan Orxan Məmmədov bu baxımdan Masallı Sənaye Məhəlləsində yaradılmış ilk “KOB Dostu”nun önəmli mexanizmlərdən olduğunu diqqətə çatdırıb, Agentliyin fəaliyyət istiqamətləri, “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər barədə geniş məlumat verib. Bildirilib ki, “KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönəldiləcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq.

“KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir.

“KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək. Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar “KOB Dostu”nun xidmətlərindən istifadə edə bilərlər.

Məlumat verilib ki, ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə 10 iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi yaradılacaq.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxışında ilk “KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluğunu bildirərək Masallı Sənaye Məhəlləsinin və məhəllədə “KOB Dostu”nun fəaliyyətinin regionun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, regionun sənaye potensialının uğurla reallaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun ümumi fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib.

Sahibkarlar “KOB Dostu” Mərkəzi ilə də tanış olublar.

Məlumat verilib ki, mərkəzdə “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, mərkəz texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, eləcə də zəruri maarifləndirici məlumatlarla təmin olunub. “KOB Dostu” mərkəzində fəaliyyət göstərəcək “KOB könüllüləri” mərkəzə müraciət edən sahibkarlara operativ şəkildə yardımçı olacaq, onlara texniki və s. dəstək göstərəcək.

“KOB Dostu” mərkəzi ilə tanış olan sahibkarlar ilk “KOB Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluqlarını ifadə edərək, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını qeyd edib, özəl bölmənin inkişafına göstərdiyi hərtərəfli dəstəyə, tətbiq olunan yeni dəstək mexanizmlərinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Masallı rayonunda fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri isə “KOB Dostu”na müraciət edən sahibkarlara və yeni biznesə başlayacaq şəxslərə müvafiq sahələrlə bağlı lazımi dəstək və kömək göstərəcəklərini qeyd ediblər.

“KOB Dostu” ilə tanışlıq zamanı sahibkarları maraqlandıran suallar da cavablandırılıb.