İlham Əliyev: Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tamamilə ləğv etdi

26.09.2018,15:56


26 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqını “Azerspace-2” peykinin  Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması münasibəti ilə təbrik edib.

Dövlət başçısı bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür.

“Bu gün “Azərspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur. Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”, - prezident bunu deyib.

İlham Əliyev vurğualıb ki, bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür.

“Həmçinin, məsələnin kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır. Təsadüfi deyil ki, bu ilin səkkiz ayının göstəricilərinə görə, Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artmışdır”, - deyə İ.Əliyev bildirib.

 

Açar sözlər: Azerspace-2 İlham Əliyev