Azərbaycan “Beynəlxalq dəmir yolu konqresi 2019”-da iştirak edir

11:00 - 19.03.2019


19 mart, Fineko/abc.az.  Vyanada, Avrasiya marşrutunun mövcud nəqliyyat dəhlizləri çərçivəsində rəqəmsal texnologiyalardan və tranzit potensialından istifadə edərək beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması problemlərinə həsr olunmuş “Beynəlxalq dəmir yolu konqresi 2019” keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-in məlumatında deyilir ki, konqresdə ölkəni QSC-in sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“Beynəlxalq Dəmir Yolu Konqresi 2019” 1520 mm və 1435 mm izli dəmir yolları məkanındakı milli dəmir yolu şirkətləri rəhbərlərinin görüşməsi üçün ən iri iş platformasdır. Konqresə dəvət edilmiş şirkətlər Avrasiya marşrutunda daşımalar həcminin artımına və Şərqlə Qərb arasında dəmir yolu dəhlizinin davamlı inkişafına töhvə verməkdədirlər”, - məlumatda belə deyilir.

Həmçinin məlumatda qeyd edilir ki, konqres dövlət-özəl tərəfdaşlığın ən yaxşı təcrübələrinə əsaslanaraq, nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, quruda daşıma xərclərinin azaldılmasına, həmçinin 1520 mm və 1435 mm izli dəmir yolu məkanındakı qarşılıqlı əlaqələrin standartlaşdırmasına və intensivləşdirilməsinə yönəlmiş sistemli həllərin tapılmasına istiqamətlənib.

 

Bütün xəbərlər