“Azərpoçt” problemli kreditlərin ödənilməsi ilə bağlı xidmətləri ödənişsiz həyata keçirəcək

12:05 - 5.04.2019


5 aprel, Fineko/abc.az. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər.

“Azərpoçt” MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq. Problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər “Azərpoçt” MMC tərəfindən pulsuz həyata keçiriləcək.

Bunun üçün vətəndaşın nə "Azərpoçt"un mərkəzi ofisinə, nə də Çağrı mərkəzinə(169) müraciət etməsinə ehtiyac yoxdur. Prosesə başlananda vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək. SMS-də fiziki şəxsə ödəniləcək kompensasiya məbləği, kompensasiya ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin kompensasiyanın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat, pul köçürməsinin ediləcəyi tarix haqqında informasiya öz əksini tapacaq.

Hazırda “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyatın neçə nəfərə şamil olunacağı hələ dəqiqləşdirilməyib.

 

Bütün xəbərlər