Xarici işlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdü

07.12.2017,17:59


7 dekabr, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakı ilə Brüssel arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Azərbaycan XİN-nin məlumatına əsasən,  görüş  ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsində Vyanada baş tutub.

“Elmar Məmmədyarov və Toivo Klaar Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud münasibətləri müzakirə etdilər.  Həmsöhbətlər, tərəflər arasında aparılan danışıqların mövzusu olan strateji tərəfdaşlıq haqqında sazişin, Bakı ilə Aİ arasında münasibətlərin inkişafının  əhəmiyyətini vurğuladılar”, - məlumatda belə deyilir.

Elmar Məmmədyarov həmsöhbətini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilmiş son görüşü barədə məlumatlandırdı.

Məlumatda qeyd edilir: “Elmar Məmmədyarov,  münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirdi. O, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı”.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkdi və Azərbaycanın bu qəbildən olan təmasları dəstəklədiyini nəzərə çatdırdı.

 

 

Açar sözlər: Klaar Məmmədyarov