Bütün dövlət satınalmaları ilə bağlı araşdırma aparılır – Palata sədri

16:54 - 13.09.2019


13 sentyabr, Fineko/abc.az. “Dövlət satınalmaları ilə bağlı Hesablama Palatası həm Nazirlər Kabinetinə, həm də bu sahədə dövlət siyasətini həyata keçirən orqana çoxsaylı təkliflər verib”.

Abc.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amil kimi" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, qeyd edib ki, hazırda 2018-ci ilin bütün dövlət satınalmaları ilə bağlı araşdırma aparılır. Palata sədri əlavə edib ki, ötən ilin dövlət büdcəsi ilə bağlı parlamentdə hesabatda da dövlət satınalmaları ilə bağlı məsələyə toxunulub: “Dövlət satınalmalarında şəffaflığın artırılması, kiçik və orta sahibkarların bu prosesə cəlb olunması istiqamətində işlər gedir. Dövlət vəsaiti kiçik və orta sahibkarlar üçün əlçatan olmalıdır. Dövlət satınalmalarını həyata keçirən orqan tərəfindən də elektron informasiya sistemləri vasitəsi ilə hesabatlılıqla bağlı müəyyən işlər görülür. Biz bununla bağlı qiymətləndirməni il başa çatdıqdan sonra verəcəyik. Əsas diqqət satınalmalarda şəffaflıq və rəqabətin artırılması ilə bağlıdır. Rəqabət və şəffaflıq vasitələrin sayının çoxaldılması, bir mənbədən satınalmaların sayının azaldılmasından başlayır. 2019-cu ilin birinci yarısı ilə bağlı Hesablama Palatası fəaliyyət hesabatında da bunu qeyd etmişdi. 2019-cu ilin 6 ayında 2018-ci ilin 6 ayı ilə müqayisədə bir mənbədən satınalama metodunun sayında azalma var”.

 

   Müəllif: Elmir Murad

Bütün xəbərlər