Pensiya islahatları üzrə “Amerikan modeli” tətbiq edilsin – Təklif

12:12 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Pensiya islahatları üzrə “Amerikan modeli”ni təklif edirik.

ABC.AZ xəbər verir ki, belə bir açıqlamanı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təşkilatın sosial istiqamətdə aparılmış islahatlarla bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edərkən verib.

O, qeyd edib ki, elə vətəndaşlarımız var ki, onların pensiya kapitalı kifayət qədər böyükdür. “Bəzi hallarda hətta 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlarımız var. “Amerikan modeli”ndə olduğu kimi, həmin vətəndaşlarımıza daha tez pensiyaya çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini 65 yaşına çatmadan istifadə etmək hüquqi verilməlidir. Biz təklif edirik ki, minimum pensiya kapitalı ilə yanaşı, həm də orta pensiya kapitalı anlayışı da qanunvericiliyə daxil edilsin” deyə iqtisadçı-ekspert vurğulayıb.

V.Bayramov orta pensiya kapitalı çox olan vətəndaşlarımız üçün də təklif verməyi unutmayıb: “Onlar 65 yaşı tamam olmadan pensiyaya çıxmaq hüququ əldə etsin. Məsələn, bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədə qonşu Rusiyada olduğu kimi əmək pensiyası yaşa görə pensiyaya çıxma vaxtlarının fərqləndirilməsinə ehtiyac var.Vətəndaşa imkan verilməlidir ki, yaşa görə pensiyaya daha tez çıxsın. Bizim pensiya qanunvericiliyində pensiya üzrə müavinətlərin daha tez, əmək pensiya yaşından tez müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu da imkan verəcək ki, yaşa görə pensiya əmək pensiyası ilə müqayisədə daha tez müəyyənləşsin, vətəndaş daha tez yaşa görə pensiyadan istifadə edə bilsin. Azərbaycanda əmək pensiyası hüququ olmayan vətəndaşlarımız 67 yaşında müavinətlər almağa başlayır. Biz bu rəqəmin dəyişdirilməsi vətəndaşa 63 yaşı tamam olduqdan sonra qocalıq müavinatı almaq hüququnun verilməsini təklif edirik”.

Müəllif: Elmi Murad

 

Bütün xəbərlər