Vergi intizamının yüksəldilməsinə nail olmağı hədəfləyirik – Nazir müavini

11:13 - 14.11.2019


14 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Asiya İnkişaf  Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, tədbirdə vergi orqanlarının inzibatçılıq potensialının artırılmasına yönəlmiş müxtəlif komponentləri əhatə edən layihənin qarşıdakı 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Texniki yardım aləti əsas etibarilə vergi orqanlarının fəaliyyət istiqamətlərini əhatə etsə də, Maliyyə Nazirliyi də aidiyyəti sahələr üzrə benefisiar qurum qismində çıxış edir. Bankın faktaraşdırıcı missiyası tərəfindən müasir dövrün çağırışlarına uyğun vergi orqanlarında təkmilləşdirilmə zərurəti olan sahələr üzrə üç mühüm komponent müəyyən edilib. Bunlar insan resursları və fəaliyyətin idarə olunması; vergi ödəyicilərinə xidmət və könüllü əməletmə; habelə əməl etməmə halları ilə səmərəli mübarizə kimi istiqamətləri əhatə edir.

 Tədbridə Vergilər nazirin birinci müavini Sahir Məmmədxanov deyib ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, əmək bazarının şəffaflaşdırılması və məşğulluğun artırılması, bazarda rəqabət mühitinin təmin edilməsi, leqal biznesin qanuni mənafelərinin qorunması ilə bağlı kompleks siyasətin həyata keçirilməsi, öz növbəsində, bu istiqamətdə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsi tələblərini artırıb: “Təsadüfi deyil ki, Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlər məhz bu məsələləri əhatə edir. Layihə çərçivəsində könüllü əməletmə göstəricilərinin yaxşılaşdırılması yolu ilə vergi intizamının yüksəldilməsinə nail olmağı hədəfləyirik. Xidmətlərin və kommunikasiyaların əlçatanlığının, yararlılıq dərəcəsinin artırılması, eləcə də müraciət və şikayətlərə baxılması prosedurlarının təkmilləşdirilməsi diqqət mərkəzində olacaq. “Kölgə iqtisadiyyatı” əleyhinə səylərin gücləndirilməsi, audit metodlarının və kameral yoxlama prosedurlarının təkmilləşdirilməsi, məlumat bazalarımızın, habelə borcların alınması üzrə göstəricilərin yaxşılaşdırılması ilə bağlı məsələləri müzakirə edəcəyik, sahibkarları və vergi orqanlarını məmnun edəcək optimal həll yollarını nəzərdən keçirəcəyik”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər