SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq

10:18 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. SOCAR və “Özbəkneftqaz” Özbəkistandan Avropaya karbohidrogenlərin ixracı məqsədilə birgə treyder müəssisəsi açmaq qərarına gəliblər.

“Özbəkneftqaz”ın mətbuat xidmətinə istinadla xəbər verilir ki, bu barədə razılıq “Özbəkneftqaz”la SOCAR, “SOCAR Trading” və “Chemtrade LLC.” şirkətlərinin nümayəndələri arasında keçirilən görüşdə əldə edilib.

Bildirilir ki, birgə müəssisə “Özbəkneftqaz” üçün yeni mərhələ olacaq və şirkətə Avropanın, həmçinin Özbəkistanla birbaşa nəqliyyat dəhlizi olmayan dövlətlərin ixrac bazarlarına çıxmağa imkan yaradacaq.

Xatırladırıq ki, bu ilin mayında “Özbəkneftqaz, SOCAR və “BP Azerbaijan” şirkəti Aral dənizindəki bloklarda geoloji kəşfiyyat işlərinin aparılması haqqında saziş imzalayıb. Sazişə görə, geoloji kəşfiyyat işləri Aral dənizi akvatoriyasının Özbəkistan hissəsində aparılacaq. SOCAR və “Özbəkneftqaz”ın imzaladığı ikinci saziş isə Qaşqadərya vilayətindəki 4 işlənmiş yatağın inkişafı ilə bağlıdır.

 

 

Bütün xəbərlər