330x110
 

Noyabrda OPEC-in neft istehsalı azalıb

12.12.2019,12:11


12 dekabr, Fineko/abc.az. Noyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı azalıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı oktyabr ayı ilə müqayisədə 193 min barrel geriləyərək gündəlik 29 milyon 550 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 29,6 % olub.

Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Ekvador, Küveyt və Liviya artırıb. Ekvadorda gündəlik istehsal 73 min barrel artaraq 530 min barrel olub. Küveytin sutkalıq hasilatı 58 min barrel çoxalaraq 2 milyon 705 min barrelə çatıb. Liviyada isə neft istehsalı 23 min barrel artaraq sutkada 1 milyon 188 min barrelə yüksəlib.

Noyabrda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Anqola və İraqda azalıb. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 151 min barrel azalaraq 9 milyon 850 min barrelə düşüb. Anqolada istehsal 75 min barrel geriləyərək sutkada 1 milyon 284 min barrel təşkil edib. İraqda isə hasilat 59 min barrel azalaraq 4 milyon 639 min barrel təşkil edib.

Ötən ay dünyada 73 qazma qurğusu fəaliyyətini dayandırıb. Beləliklə də dünya üzrə qurğuların sayı ümumilikdə 2 min 200 olub ki, həmin qurğuların 575-i OPEC-ə üzv ölkələrdədir.

© Azertag.az