Samir Əliyevdən neftin qiyməti ilə bağlı faydalı ŞƏRH

16:49 - 4.03.2020


4 mart, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatının neftin hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitetinin olduğu ilə bağlı fikirlər mənə hökumətin 2015-ci ildəki davranışını xatırlatdı. Həmin dövrdə də Rusiya və Qazaxıstanda qızğın müzakirələr gedəndə bizimkilər baş altına yastıq qoymaqla məşğul idilər, manatın gücünü reklam edirdilər.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib və həmin dövrü xatırladaraq qeyd edib ki, nəticədə hamı zərbə aldı və hələ də onun fəsadları aradan tam qalxmayıb.

S.Əliyevin sözlərinə görə, indi dünyada baş verən gərginliyin fonunda ABŞ, Avropa, Yaponiya hökumətlərinin iqtisadiyyatlarından narahat olduqları bir vaxtda bizim hökumət təmsilçisi iqtisadiyyatımızın immunitetindən danışır: “Halbuki cəmiyyət hökumətdən indiki gərginlikdə çıxış yolları, hökumətin strategiyası barədə bilgi almaq istəyir. 30 dollar məsələsinə gəlincə, bu fikir reallıqdan çox uzaqdır. Rusiyanın maliyyə naziri Siluanovun çıxışına əsaslanıb belə fikir yürütmək kökündən yanlış cəhddir. Çünki bizim iqtisadiyyatlar oxşar olduğu qədər də fərqli struktura malikdir. Rusiyanın neftdən və idxaldan asılılığı bizdən əhəmiyyətli dərəcədə azdır. Ən azı Rusiyada devalvasiyanın ölkə iqtisadiyyatına təsiri ilə Azərbaycanda baş verən devalvasiyanın təsirini müqayisə etməklə fərqi görmək olar. Hətta Siluanov 30 dollar qiymətin neqtiv təsirini uzağı 4 il müddətinə neytrallaşdırmağın mümkün olduğunu bildirib”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər