330x110
 

Bank sektorunun əməliyyat gəlirləri açıqlanıb - Artım var

31.03.2020,15:27


31 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral ayları ərzində bank sektorunun cəmi əməliyyat gəlirləri 443,9 milyon manat, cəmi əməliyyat xərcləri isə 297,7 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankın açıqladığı hesabata istinadən xəbər verir ki, ilk 2 ayda gəlirlər xərcləri üstələdiyindən 146,2 milyon manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 30,4 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb və 17.9 milyon manat mənfəət vergisi ödənilib. Yekunda bank sektoru ilk 2 ayı 97,9 milyon manat xalis mənfəət ilə başa vurub.

Qeyd edək ki, 2019-cu ilin eyni dövründə bank sektorunun əməliyyat gəlirləri 418,5 milyon manat, cəmi əməliyyat xərcləri 304,8 milyon manat, əməliyyat mənfəəti 113,7 milyon manat təşkil etmişdi. Həmin dövrdə əməliyyat mənfəətinin 55,4 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmış və 2.1 milyon manat digər gəlirlər nəzərə alınmaqla 11,2 milyon manat mənfəət vergisi ödənilmişdi. Nəticədə, bank sektoru ötən ilin ilk 2 ayını 49.2 milyon manat xalis mənfəətlə bağlamışdı.

Müəllif: Elmir Murad