Azərbaycan korona-böhranla mübarizə üçün xarici borclanmaya getmədi - Vüsal Qasımlı

10:53 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı pandemiyanın bir aıra sektorlara təsirini şərh edib.

ABC.AZ-ın məlumatına görə, V.Qasımlı bildirib ki, Rusiya 2020-2022-ci illərdə büdcə parametrlərinin dəyişdirilməsinə getdi.

Onun sözlərinə görə, qlobal şokların təsiri altında Qazaxıstan höküməti də 2020-ci ilin büdcəsində həm gəlirlərin, həm də xərclərin artırılması barədə təklifləri hazırlayıb. Ukrayna hökuməti müəyyən güzəştlər müqabilində BVF-dan EFF tranşı çərçivəsində 5 milyard dollar borc almaqla büdcə kəsirini örtməyə ümid edir deyən V.Qasımlı bildirib ki, qlobal şokların təsiri altında 4,3 milyard dollarlıq gəlirinin 1 milyard dollarını itirəcəyini gözləyən Gürcüstan hökuməti beynəlxalq maliyyə qurumları ilə borc almaq barədə danışıqlara başlayıb: "Azərbaycan, Rusiya və Qazaxıstan kimi “təhlükəsizlik yastığı” olan dövlətlərdən başqa, bütün digər region ölkələri xarici dövlət borcunu artırmaq və büdcə kəsirinə yenidən baxmaq hesabına 2020-ci ilin dövlət büdcəsini balanslaşdırmağa cəhd edirlər. Xarici borc hesabına böhranla mübarizə bahalıdır. Azərbaycan isə region ölkələrindən fərqli olaraq korona-böhranla mübarizə çərçivəsində nə xarici borclanmaya, nə də devalvasiyaya getmədi, yalnız öz ehtiyatlarına arxalandı".

 

 

Bütün xəbərlər