330x110
 

Çovdar yatağında qızıl ehtiyatı daha çoxdur - AzerGold QSC-dən açıqlama

22.05.2020,10:47


22 may, Fineko/abc.az. Daşkəsən rayonunda yerləşən "Çovdar" yatağında qızıl ehtiyatlarının daha çox olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu, yatağın işlənməsi ilə məşğul olan “AzerGold” QSC-nin apardğı işlərdən sonra dəqiqləşib.

Yataqda aparılan kəşfiyyat işləri nəticəsində məlum olub ki, ehtiyatar əvvəl güman edildiyindən 47% artıqdır.

Belə ki, əvvəlki kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1127.5 min unsiya (və ya 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsində qızıl hasil edilir.

Yatağın dərin qatlarında isə filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılıb, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılıb. Nəticədə, yatağın resurları 533.5 min unsiya (və ya 16,5 ton) həcmində artırılıb və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Beləliklə, hazırda Çovdar yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır.