330x110
 

İlham Əliyev BMT Baş katibi Antonio Quterreşə zəng edib – Nələr müzakirə olunub?

08.07.2020,10:34


8 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.

ABC.AZ-ın məlumatına görə, telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlət başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.