16 rayondakı aztəminatlı ailələr üçün bağ salınacaq – Siyahı

14:44 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Bu il daha 250 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatları salınacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir.

Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət edə bilərlər. Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və topağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.

Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq.  Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq. Son müraciət tarixi 1 sentyabrdır.

 

Bütün xəbərlər