Prezident Dağlıq Qarabağın tanınması ilə bağlı xəbərdarlıq etdi

15:03 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi. Çünki təsəvvür edin, insanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı sözlərinə belə davam edib: "Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi. Həmçinin insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər. Dağlıq Qarabağın tanınmasına gəldikdə isə, hamı bilir ki, hətta Ermənistan həmin qanunsuz strukturu tanımayıb. Buna görə, əgər hansısa ölkə Dağlıq Qarabağı tanımaq istəyirsə, onlar öz ölkəsinin daxilində müəyyən addımlar atsınlar. Onlar öz ölkəsində müəyyən ərazini ayıra bilər və Azərbaycanda yox, öz ölkəsində ikinci erməni dövlətini yarada bilər", - dövlət başçısı bildirib.

 

Bütün xəbərlər