330x110
 

Ətin və süd məhsullarının qiyməti ucuzlaşacaq – Proqnoz

21.09.2021,12:20


21 sentyabr, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı ölkədə ət və süd məhsullarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin bu məhsullara olan tələbatının ödənilməsi dövlətin qarşısında duran başlıca məsələlərdən biridir:

“Bu baxımdan heyvandarlığın inkişafı, hevandarlıq məhsullarına olan tələbatın ödənilməsi və idxalın azaldılması çox önəmlidir. Son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Ötən il heyvandarlıq məhsullarının istehsalı 3 faiz artmışdı. Heyvandarlıq üçün böyük potensiala malik olan ərazilərimizin işğaldan azad edilməsi bu sahənin inkişafına geniş perspektivlər açır. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan işğaldan əvvəl heyvandarlığın inkişafı ilə seçilən rayonlar kimi tanınıb. Bu ərazilərin təbii şəraiti, bol yem ehtiyatlarına malik olması, digər tərəfdən insanların bu sahəyə olan marağı onu deməyə əsas verir ki, minalar təmizləndikdən, əhalinin yaşaması üçün təhlükəsizlik təmin edildikdən sonra bu rayonlarda heyvandarlıq sürətlə inkişaf edəcək”.