VTB (Azərbaycan) dövlət dəstəyi ilə ipoteka üzrə faiz dərəcəsini 6,99%-ə endirib

14:34 - 11.02.2022


11 fevral,  Fineko/abc.az. Bank VTB (Azərbaycan) dövlət dəstəyi ilə ipoteka proqramı çərçivəsində faiz dərəcəsini 1,01 faiz bəndi azaldıb. Borcalanlar İpoteka və Kredit Zəmanət Fondu (AİKGF) vasitəsilə illik 6,99% güzəştli faizlə kredit üçün müraciət edə biləcəklər.

Aksiya çərçivəsində verilən ipoteka üzrə tarif müqavilənin bütün müddəti ərzində saxlanılır. Kreditin maksimal məbləği 150 000 manat, müddəti 3 ildən 25 ilə qədərdir. İlkin ödəniş ilkin bazarda obyekt alarkən əmlak dəyərinin ən azı 15%, təkrar bazarda ev alarkən isə ən azı 30% olmalıdır. Təklif 31 mart 2022-ci il tarixinədək qüvvədə olacaq.

VTB (Azərbaycan) şirkətinin pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeniy Borodin deyib: “Mənzil kreditlərinə tələbat artmaqda davam edir. Ötən il VTB (Azərbaycan)-ın ipoteka portfeli 31% artaraq 30,6 milyon manata çatıb. Sosial məsuliyyət daşıyan bir bank olaraq, ipoteka kreditlərini sərfəli saxlamaq bizim üçün vacibdir. Faiz dərəcəsinin 6,99%-ə endirilməsi müştərilərə mənzil problemini minimal xərclə həll etməyə imkan verəcək”.

Müştərilərin bir sıra kateqoriyalarına (milli qəhrəmanların ailə üzvləri, məcburi köçkünlər və ya onlara bərabər tutulan şəxslər, azı 3 il dövlət qulluğunda çalışan, doktorluq və ya namizədlik elmi dərəcəsi olan, idmanda xüsusi xidmətləri olan şəxslər) dövlət xətti ilə güzəştli ipoteka krediti də mövcuddur. Güzəştli ipoteka krediti üzrə faiz dərəcəsi 4%, ilkin ödəniş isə minimum 15% təşkil edir. Kreditin maksimal məbləği 100 000 manat, müddəti 30 ilə qədərdir. Hər bir ailənin güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə etmək hüququ var.

Bütün xəbərlər