Ötən il qeyri-neft sektoru üzrə vergi daxilolmaları nə qədər olub?

11:32 - 25.02.2022


25 fevral, Fineko/abc.az. Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 6,4 mlrd. manat təşkil edib. Proqnozdan artıq yığılan vəsait 689 mln. manat olub, əvvəlki illə müqayisədə isə büdcəyə 754 mln. manat daha çox daxil olub. 2021-ci ildə özəl sektordan daxilolmalar 24%, özəl qeyri-neft sektorundan daxilolmalar isə 20,3% artıb.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, qeyri-neft ÜDM-nin artım templəri ilə müqayisədə qeyri-neft sektorundan vergi daxilolmalarının daha yüksək artım dinamikası sektorda əhəmiyyətli şəffaflaşmanın göstəricisidir.

"Eyni zamanda, vergidən yayınma hallarının azalması vergi inzibatçılığının keyfiyyətinin artmasına dəlalət edir. Toplanan vergilərin 74,6%-i qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektorundan daxilolmaların tədiyə növləri üzrə təhlili onu göstərir ki, 2021-ci ildə ƏDV üzrə daxilolmalar 17%, aksizlər üzrə 25%, mənfəət vergisi üzrə 16,3%, mədən vergisi üzrə isə 1,8 dəfə artıb. Sektorun sahələri üzrə vergi daxilolmalarında ən yüksək artım templəri ictimai iaşə – 84%, qeyri-neft sənayesi – 29%, ticarət, o cümlədən pərakəndə ticarət – 57%, həmçinin xidmət sektorunda – 19,7% – müşahidə olunub", - deyə O. Nəzərli qeyd edib.

Bütün xəbərlər