ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldacaq - Bayden Maduronu yanına çəkir

14:34 - 9.03.2022


9 mart, Fineko/abc.az. Birləşmiş Ştatlar Venesuelaya qarşı sanksiyaları bu ölkəyə neft tədarükü şərti ilə yumşaldacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters məlumat verib. Mənbələrə görə, rəsmilər venesuelalı həmkarlarına bildiriblər ki, ABŞ sanksiyalarının hər hansı yumşaldılması Venesuelanın birbaşa ABŞ-a neft göndərib-götürməməsindən asılı olacaq.

Hələ də Venesuelada fəaliyyət göstərən ABŞ-ın son neft istehsalçısı "Chevron Corp" Nikolas Maduro administrasiyası ilə razılaşma əldə olunarsa, ilk benefisiar ola bilər.

"Chevron"a 2020-ci ildən bəri birgə müəssisələrindən Venesuela neftinin tədarükü qadağan edilib və kompaniya bu qadağanın aradan qaldırılmasına çalışır.

Şirkət yalnız öz obyektlərinə texniki qulluq və təhlükəsizliyi təmin etmək üçün ölkədə aşağı səviyyədə mövcudluğunu qorumağa imkan verən xüsusi lisenziyaya malikdir.

Reuters bildirir ki, bu lisenziyanın müddəti iyun ayında başa çatdığından, "Chevron" ABŞ Maliyyə Nazirliyindən Venesuela neft yüklərinin ticarəti üçün icazə istəyib.

Mənbələrdən biri bildirib ki, Vaşinqton sanksiyaları yumşaltmaq qərarına gəlsə, Chevron Venesuelada hasilatı qismən bərpa edə biləcək.

Martın 8-də ABŞ və Venesuela rəsmiləri Rusiyanın Ukraynaya qarşı apardığı müharibə və ABŞ-ın təcavüzkara qarşı mümkün neft embarqosu fonunda enerji təhlükəsizliyini müzakirə etmək üçün görüşüblər.

 

Bütün xəbərlər