Cəbrayıl və Zəngilanda Günəş Elektrik stansiyalarının potensialı böyükdür - Prezident

10:12 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək.

ABC.AZ-ın məlumatına görə, bunu aprelin 12-də Prezidentin sədrliyi ilə keçirilmiş müşavirədə İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər:

"Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik".

Bütün xəbərlər